Bu Kitab Niyə Yazıldı

   Əslində proqramlaşdırma ilə bağlı bir kitab yazmağı mən çoxdan istəyirdim. Çünki indiyə qədər öyrəndiyim proqramlaşdırma dillərini əsasən ingilis və rus dilli mənbələrdən öyrənmişəm. Və hər dəfə də belə kitablar əlimə keçəndə arzulamışam ki, kaş bizim dildə də bu cür kitablar olaydı… İnsaf xatirinə onu da qeyd edim ki, daha sonra Azərbaycan türkcəsində də proqramlaşdırmaya dair kitablara rast gəldim. Amma bu kitabların böyük əksəriyyəti sanki oxucuları yola vermək üçün yazılmışdı. Və belə olan halda mən düşündüm ki, əgər başqalarının kitablarını bəyənmirəmsə niyə də özüm bir kitab yazmayım.

coffee-2425294_1920

   Ümumiyyətlə proqramlaşdırmaya dair kitabları əsasən iki qismə bölmək olar: məlumat kitabçaları və özü öyrənənlər üçün dərs vəsaitləri. Məlumat kitabçası mahiyyətində olan kitablarda hər şey var, amma bu hər şey yeni başlayanlar üçün demək olar ki, heç nə vermir. Çünki bu cür kitablarda mövzular öyrətmək məqsədilə sıralanmır, sorğu və məlumat kitabçalarının ruhuna uyğun şəkildə yerləşdirilir. Yeni başlayanlar üçün bu kitablar yaramır. İkinci kateqoriya kitablar isə, yəni özü öyrənənlər üçün nəzərdə tutulan dərsliklər yeni başlayanlar üçün daha münasib hesab olunur. Amma burda da çox zaman bir əmma ortaya çıxır. Belə ki, özü öyrədən kitabların dili əksər vaxt çox qəliz olur, oxuyursan oxuyursan çətin başa düşürsən və bir müddət sonra sənə bu proqramlaşdırma o qədər qəliz gəlməyə başlayır ki, artıq onun daşını atmağı düşünürsən…

   Mən isə proqramlaşdırma kitabları haqda məsələyə daha fərqli yanaşıram. Əgər məqsəd öyrətməkdirsə, o zaman niyə bunu sadə dillə etməyək? Axı bu kitablar sadə insanlar üçün yazılır, onlar bundan istifadə edəcək. Lakin əksər kitabların dili akademikdir. Müəlliflər sanki özlərini akademik dairələrə, öz həmkarlarına göstərməyə çalışırlar ki, baxın mən də elmi cümlələr qura bilirəm, mən də bol-bol terminologiyadan istifadə etməyi bacarıram və s. Və nəticədə bu elmi dairələr və həmkarlar bu kitablardan razı qalır, amma sadə oxucular bu kitaba pul verdiklərinə peşman olurlar. Bax elə buna görə də mən düşünürəm ki, proqramlaşdırma kitabı çox sadə bir dil ilə öz oxucusuna müraciət etməlidir. Cümlələr qısa və aydın olmalıdır. Oxucu isə oxuduğu hər cümləni rahatlıqla anlamalı və tətbiq edə bilməlidir. Və başqa önəmli bir məqam da o olmalıdır ki, izah edilən mövzular yalnız sadədən mürəkkəbə doğru düzülməsin, həm də onlar izah olunarkən o an üçün lazım olan biliklər verilsin, oxucu da informasiya yığını altında qalıb əzilməsin.

   Bütün bu deyilənləri nəzərə alaraq mən də məhz belə bir kitab yazmağa qərar verdim ki, proqramlaşdırmanı öyrənmək istəyənlər bundan sonra yarı yolda qalmasınlar. Bu kitabı yazarkən çalışdım ki, indiyə qədər oxuduğum ən yaxşı kitablar, pedaqoji fəaliyyətimdə istifadə etdiyim tədris metodları və eləcə də gündəlik peşəkar həyatımda tətbiq etdiyim bacarıqlar bu tədris vəsaitində öz əksini tapsın və Sizə də faydalı olsun…

Nəyə Görə Python

Qorxmayın, bu ilan Sizi sancmayacaq!

Python – oxuyub anlaya biləcəyiniz ən güclü dildir.

Paul Dubois

p1909qn0ts156g17v9nu619vs1r4g7-768x543

  Wikipedia-dan əldə olunan məlumata görə keçmişdən bu yana 698 müxtəlif proqramlaşdırma dili mövcuddur. Bu proqramlaşdırma dillərindən təxminən 100-ü həyatdadır və yaşayır. Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə isə hazırda dünya üzrə populyar olan 20 proqramlaşdırma dili mövcuddur. Haqqında bəhs edəcəyimiz bunlardan biri olan və ilk onluqda yer alan Python dilidir.

  Python dili (əsasən “payton”, bəzən isə “piton” kimi tələffüz olunur) 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Bu dilin o qədər müsbət cəhətləri var ki, say-say bitməz. Əvvəla Python dili universaldır, bu dildə müxtəlif təyinatlı proqramlar yazıla bilər. Və bu dildə yazılan proqramlar istənilən əməliyyat sistemində çox rahatlıqla çalışa bilir. Bundan başqa Python dili proqramlaşdırmanın müasir tələblərinə tam cavab verir, onun struktur, obyektyönümlü, funksional və imperativ olması əsas üstünlüklərindəndir. Python dilinin ən üstün cəhətlərindən biri də bu dili öyrənməyin çox asan olmasıdır. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.

  Bu gün dünyada Python dili gündən günə populyarlaşır və inkişaf edir. Hazırda pulsuz yayılan Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Orta məktəblərdə bu dilin tədrisi xüsusi əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, proqramlaşdırmanın əsaslarını məktəbli uşaqlara öyrətmək üçün Python dili qədər əlverişlisi yoxdur. Bu dilin sintaksisi o qədər sadədir ki, onu ilk dərslərdən çox rahat şəkildə öyrənmək və tətbiq etmək olur.

  Yeri gəlmişkən onu da qeyd edim ki, 2015-ci ildən etibarən Azərbaycanın orta məktəblərində də proqramlaşdırma dili kimi Python dili tədris olunur. Artıq 7-ci və 8-ci siniflərin İnformatika dərsliklərinə Python dilinin təlimi daxil edilmişdir. İndi bu cümlələri oxuyan informatika müəllimləri deyəcəklər ki, hər dəfə yeni bir dil, biz hələ Turbo Pascalı yeni yeni öyrənməyə başlamışdıq, indi də Python… Amma narahat olmağına dəyməz. Əmin ola bilərsiniz ki, Python dili ilə tanış olduqdan sonra onun Pascaldan daha asan olduğunu görəcəksiniz. Öyrənməyi də öz yerində. Əsas odur ki, özünüzü ruhdan salmayasınız. Sizə uğurlar!

Bloqa Xoş Gəlmisiniz

   Müəllifi Kərim Tahiroğlu olan bu kitab Python proqramlaşdırma dili ilə bağlı Azərbaycan dilində nəşr edilmiş ilk ədəbiyyatdır.

Book_09

   Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır. Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.

   Sizə təqdim edilən bu kitab ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.

   Bu bloqda isə Sizləri bir-birindən maraqlı məlumtlar, proqramlar və əlbəttə ki, dərslər gözləyir. Kitab və bloqla bağlı öz düşüncələrinizi, təklif və rəylərinizi müəlliflə bölüşə bilərsiniz. Sizə uğurlar 🙂


Aprel 2021 üçün TIOBE İndeksi