Bütün proqramlaşdırma dillərində olduğu kimi Python dilində də dəyişənlərdən istifadə olunur. Bizim yazdığımız ilk proqram o qədər sadə idi ki, biz orda heç bir dəyişəndən istifadə etmədik:
>>> print("Salam Azərbaycan!") Salam Azərbaycan! >>>
Lakin bir çox hallarda proqramlarda dəyişənlərdən istifadə olunur. İrəlidə dəyişənlərlə bağlı əlavə məlumatlar verəcəm, hələlik isə onu bilməyiniz kifayətdir ki, qiymətlər dəyişənlər vasitəsilə yadda saxlanılır.
Gəlin real həyatdan nümunə çəkək. Məsələn sinifkom (sinif nümayəndəsi) hər ilin əvvəlində təyin olunur. Deyək ki, bu il Arzu təyin olunub. Burada sinifkom bir dəyişəndir, Arzu isə bu dəyişənin aldığı bir qiymətdir. Biz sinifkom deyəndə Arzu nəzərdə tutulur. Çünki bu dəyişənin qiymətini Arzu olaraq təyin etmişik.
Bu dediklərimizi proqram şəklində yazsaq aşağıdakı kod alınacaq:
>>> sinifkom = "Arzu" >>> print(sinifkom) Arzu >>>
Nə baş verdi? Əvvəlcə biz sinifkom dəyişəninə “Arzu” sözünü mənimsətdik. Burada istifadə etdiyimiz = (bərabər) simvolu mənimsətmə operatorudur. Məlumat sətir tipində olduğuna görə biz onu dırnaq içərisində yazdıq. Sonra print əmrində parametr kimi sinifkom dəyişənini göstərdik. Bu dəyişənin qiyməti Arzu olduğuna görə nəticədə ekrana da Arzu çıxdı 🙂 Yəni, print əmri ekrana sinifkom dəyişəninin qiymətini çıxardı. Bu qədər sadə.
İndi isə proqramımızı bir az təkmilləşdirək. Gəlin sinifkomun qız yoxsa oğlan olduğunu da bildirək. Axı Arzu həm oğlan, həm də qız adıdır. Belə bir proqram yazaq:
>>> sinifkom = "Arzu" >>> cins = "qız" >>> print("Sinif nümayəndəsi "+sinifkom+" "+cins+"dır.") Sinif nümayəndəsi Arzu qızdır. >>>
Bu proqramda biz iki dəyişəndən (sinifkom və cins) istifadə etdik. Müvafiq olaraq da dəyişənlərə Arzu və qız qiymətlərini mənimsətdik. Sonra print əmri vasitəsilə ekrana məlumat çıxardıq. Burada print əmrinin daxilində bəzi ifadələri dırnaq içərisində yazdıq, bunlar olduğu kimi ekranda görsənəcək. İstifadə olunan sinifkom və cins dəyişənlərinin isə almış olduqları qiymətlər ekrana çıxacaq. Biz burada ifadələri birləşdirmək üçün + (üstəgəl) operatorundan istifadə etdik.
İndi isə gəlin iki ədədi toplayan proqram yazaq:
>>> a=15 >>> b=20 >>> c=a+b >>> print(c) 35 >>>
Proqramdan da gördüyünüz kimi burada üç dəyişəndən (a, b və c) istifadə olunur. Müvafiq olaraq a və b dəyişənlərinə qiymət olaraq 15 və 20 ədədləri mənimsədilir. Bundan sonra c dəyişəninə a və b dəyişənlərinin cəmi mənimsədilir. Yekunda print əmri vasitəsilə c dəyişəninin qiyməti çapa verilir. Bu arada diqqət edin ki, sətir tipindəki məlumatlardan fərqli olaraq ədəd tipindəki məlumatlar dəyişənlərə mənimsədilərkən dırnaq işarələrindən istifadə olunmur.