Kiçik proqramlar kod olaraq heç yarım səhifə də olmur. Amma gələcəkdə proqramlarınızın həcmi onlarla, hətta yüzlərlə səhifə olacaq. Proqramlarınız böyüdükcə onların mürəkkəbliyi də artacaq. Bunun tərsi də doğrudur, daha mürəkkəb proqramlar daha çox həcmə sahib olacaq. Hətta elə olacaq ki, bir proqram layihəsi üzərində komanda olaraq çalışacaqsınız.
Belə olan halda proqram komanda üzvləri arasında bölüşdürüləcək və hər kəs öz hissəsi üzərində çalışacaq. Amma istənilən halda bütün komanda üzvlərinin proqram kodlarının tamamını oxuması və anlaması zəruridir. Əlbəttə sadə şeyləri hər kəs rahatlıqla anlaya bilər, amma bəzən elə mürəkkəb alqoritmlər ortaya çıxacaq ki, onların başqa proqramçılar tərəfindən anlaşılması üçün əlavə izahata ehtiyac duyulacaq. Həm bəzən elə olacaq ki, zaman keçdikcə öz yazdıqlarımızı özümüz anlamaqda çətinlik çəkəcəyik. Bax belə vəziyyətlərdə proqram kodlarına yazılmış şərhlər işimizə çox yarayacaq.
Bütün proqramlaşdırma dillərində olduğu kimi, Python dilində də şərhlərdən istifadə olunur. Proqram daxilində yazılan bu şərhlər interpretator tərəfindən iqnor edilir, yəni interpretator onları görməzdən gəlir və nəzərə almır. Python dilində tək sətirli (#) və çox sətirli (“””) şərhlərdən istifadə olunur.
Gəlin ən son yazdığımız toplama proqramının ayrı-ayrı hissələrini şərhlərdən istifadə edərək başqaları üçün daha anlaşıqlı edək:
>>> # Klaviaturdan birinci ədədin daxil edilməsi >>> a=input("1-ci ədədi daxil edin: ") 1-ci ədədi daxil edin: 22 >>> # Klaviaturdan ikinci ədədin daxil edilməsi >>> b=input("2-ci ədədi daxil edin: ") 2-ci ədədi daxil edin: 33 >>> # a və b dəyişənlərinin tam ədəd tipinə çevrilməsi >>> c=int(a)+int(b) >>> print("Ədədlərin cəmi: ",c) # Nəticənin çapı Ədədlərin cəmi: 55 >>>
Gördüyünüz kimi bu proqramın kodlarını oxuyub anlamaq indi daha asan oldu. Biz burada dörd fərqli yerdə # simvolundan sonra şərhlərdən istifadə etdik. İlk üç şərh proqram ifadələrindən öncə yazıldı, son şərh isə proqram ifadəsi ilə eyni sətirdə yazıldı. Əlbəttə bunun elə də bir fərqi yoxdur, şərhləri necə və harda istəyirsinizsə elə də yazın.
Lakin bir şeyi unutmayın ki, əgər şərhi proqram kodu ilə eyni bir sətirdə yazmaq istəyirsinizsə bunu koddan sonra edin. Çünki interpretator # simvolundan sonra gələn və sətrin sonuna qədər davam edən hər şeyi şərh kimi qəbul edəcək.
İndi isə çox sətrli şərhlərin istifadəsini nəzərdən keçirək. Yuxarıda demişdik ki, çox sətrli şərhlər üç qoşa dırnaq (“””) işarələri arasında yazılır. Amma burada qeyd ki, çox sətrli şərhlərdən interpretatorun əmrlər rejimində istifadə etmək mümkün deyil. Əgər interaktiv rejimdə bir neçə sətirdən ibarət şərh yazmaq istəyirsinizsə, o zaman hər sətrin önündə # simvolunu yazmaqla tək sətirli şərhlər yazmalısınız.
Lakin Python-un skript fayllarında üç qoşa dırnaq (“””) işarələrindən istifadə etməklə çox sətirli şərhlərin yazılması mümkündür. Xatırlayırsınızsa biz ilk dərslərimizin birində qeyd etmişdik ki, Python proqramlarını həm interaktiv rejimdə, həm də skript adı verilən proqram fayllarında yazmaq mümkündür. Biz Sizinlə hələ ki, Python dilini yeni-yeni öyrənməyə başladığımıza görə bütün proqramlarımızı interaktiv rejimdə yazırıq. Amma Siz bu yolda kifayət qədər məsafə qət etdikdən sonra proqramlarınızı fayllarda yazacaqsınız.
Gəlin çox sətirli şərhləri skript faylında nəzərdən keçirək. Bunun üçün nümunə kimi toplama proqramının ikinci variantından istifadə edəcəyik.
Skript faylını meydana gətirmək üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirin:
- IDLE mühitində əsas menyudan File —> New File opsiyasını seçin.
- Qarşınıza çıxan yeni redaktor pəncərəsində aşağıdakı proqram kodunu yazın:
- Menyudan File —> Save opsiyasını seçməklə proqramı yaddaşa verin.
- Menyudan Run —> Run Module opsiyasını seçməklə proqramı icra edin.
a=int(input("1-ci ədədi daxil edin: ")) b=int(input("2-ci ədədi daxil edin: ")) """ Burada input() funksiyası ilə daxil edilən ədədlər sətir tipindədir. Onları a və b dəyişənlərinə mənimsətmədən öncə int() funksiyasından istifadə etməklə tam ədəd tipinə çevirmək lazımdır. """ c=a+b print("Ədədlərin cəmi: ",c)
Yuxarıdakı proqram icra olunduqda Python Shell pəncərəsində qarşınıza aşağıdakı mənzərə çıxacaq:
>>> 1-ci ədədi daxil edin: 22 2-ci ədədi daxil edin: 33 Ədədlərin cəmi: 55 >>>
Gördüyünüz kimi proqram mətnində üç qoşa dırnaq (“””) işarələri arasına aldığımız şərhlərdən ibarət sətirlər interpretator tərəfindən nəzərə alınmadı və ekrana çıxarılmadı.