with operatoru

Python 2.5 versiyasından etibarən tətbiq olunan with operatoru əmrlər axınını idarə etmək və kodu sadələşdirmək məqsədilə istifadə olunur. Bu operatorun sintaksisi aşağıdakı kimidir:

with əməliyyat:
    kod

   Burada əməliyyat hər hansı bir obyekt, ifadə və ya konstruksiyadır, kod isə proqram kodudur. Biz əməliyyat olaraq ifadə as dəyişən konstruksiyasından da istifadə edə bilərik:

with ifadə as dəyişən:
    kod 

Gəlin aşağıdakı nümunəni nəzərdən keçirək:

with open('region.txt','w') as f:
    f.write('Qafqaz')

   Yuxarıdakı proqram kodunda əvvəlcə fayl açılır və : simvolundan sonra əmrlər bloku icra olunur. İndiki halda blokda fayla məlumatın yazılması həyata keçirilir, lakin blok daxilində digər əməliyyatlar da nəzərdə tutula bilərdi. Burada with operatorunun istifadəsi ona imkan verir ki, əmrlər blokunun icrası bitdikdən sonra fayl obyekti avtomatik olaraq bağlansın. Fayl obyekti hətta blok daxilində istisna (exception) baş versə də bağlanmış olacaq. Əgər with operatorundan istifadə edilməsəydi, proqram kodu bu qədər sadə alınmayacaqdı.

Çoxlu mənimsətmə

Python proqramlaşdırma dili çoxlu mənimsətməyə imkan verir. Bu iki şəkildə mümkündür:

  • Eyni zamanda bir neçə dəyişənə eyni qiymətlərin mənimsədilməsi;
  • Eyni zamanda bir neçə dəyişənə müxtəlif qiymətlərin mənimsədilməsi.

Gəlin aşağıdakı misalı nəzərdən keçirək:

>>> a = b = c = 1
>>> print(a, b, c)
1 1 1 
>>>

  Burada üç dəyişəndən (a, b, c) istifadə etdik. Bu üç dəyişənə eyni zamanda eyni bir qiymət (1) mənimsədilir və print əmri ilə ekrana çapa verilir. Nəticədə ekrana hər üç dəyişənin almış olduğu eyni qiymətlər (1 1 1) çıxır.

Aşağıdakı misal isə bir neçə dəyişənə müxtəlif qiymətlərin mənimsədilməsini nümayiş etdirir:

>>> a, b, c = 1, 2, 3
>>> print(a, b, c)
1 2 3 
>>>

Burada isə üç dəyişənə eyni zamanda fərqli qiymətlər (1, 2, 3) mənimsədilir və print əmri ilə ekrana çapa verilir. Nəticədə ekrana hər üç dəyişənin almış olduğu fərqli qiymətlər (1 2 3) çıxır.