Proqramlaşdırmanın müxtəlif sahələri vardır. Bunlardan biri də kompüter oyunlarının ərsəyə gətirilməsi üçün nəzərdə tutulan oyun proqramlaşdırmasıdır. Əksəriyyətin hər gün oynadığı müxtəlif kompüter oyunları oyun proqramçıları tərəfindən işlənib hazırlanır.

gamingshift.com saytının araşdırmalarına (2021) görə dünyada 1 milyondan çox kompüter oyunları vardır. Oyun həvəskarlarının sayı isə çoxdan 2 milyardı ötmüşdür. Bu az bir rəqəm deyil. Təsəvvür edin ki, dünya əhalisinin hardasa üçdə biri kompüter, mobil telefon və ya oyun konsolunda oyun oynayır! 2020-ci ilə olan statistikaya görə isə oyun sənayesinin bazar həcmi 167.9 milyard ABŞ dolları olmuşdur.
İlk kompüter oyunu
İlk kompüter oyununun hansı olması ilə bağlı müxtəlif fikirlər səslənsə də, mütəxəssislərin əksəriyyətinin qəbul etdiyi Spacewar! oyunudur. Proqramçısı Steve Russel olan bu oyun 1962-ci ilin Fevralında PDP-1 kompüterində ərsəyə gətirilmişdir. İki nəfər oyunçu üçün nəzərdə tutulan Spacewar! oyununun məntiqi çox sadədir.

Ekranın mərkəzində ulduz və ətrafında iki kosmik gəmi var. Ulduz öz qravitasiya qüvvəsi ilə kosmik gəmiləri özünə tərəf çəkir. Gəmilərin məqsədi ulduz və digər gəmi ilə toqquşmadan, və eləcə də rəqib gəminin raket zərbəsindən qorunmaqdır. Başlanğıcda hər kosmik gəminin ixtiyarında manevr etmək üçün müəyyən miqdarda yanacaq və digər gəmiyə zərbə endirmək üçün torpedo var. Əgər oyunçu gəmiylə bağlı heç bir manevr etməsə, gəmi kosmosda ətalət üzrə hərəkət edəcək. Spacewar! oyununun online simulyasiyasını buradan oynaya bilərsiniz.
Oyun Proqramçıları
Sadə dildə desək oyun proqramçıları oyun sənayesi sahəsində fəaliyyət göstərən proqramçılardır. Video oyunları tarixinin ilk çağlarında oyun proqramçıları dizayn da daxil olmaqla oyunların ərsəyə gətirilməsinin bir çox aspektləri ilə bilavasitə məşğul idilər. Lakin sonrakı dövrlərdə İKT-nin inkişafı nəticəsində oyun sənayesində də ixtisaslaşma baş verdi və onların işi əsas etibarilə kodlaşdırma oldu. Bununla belə oyun proqramçıları peşəkar fəaliyyətləri boyunca prodüser, dizayner və animatorlarla sıx təmasda olurlar. Məhz buna görə də onların kodlaşdırmadan başqa qrafik, səs və süni intellekt ilə bağlı da kifayət qədər bilik və bacarıqları olmalıdır.

Oyun sənayesində çalışan proqramçılar aşağıdakı kateqoriyalara bölünürlər:
- Oyun motoru proqramçısı
- Süni İntellekt proqramçısı
- Səs proqramçısı
- Gameplay proqramçısı
- Skriptçi
- İstifadəçi İnterfeysi proqramçısı
- Input proqramçısı
- Şəbəkə proqramçısı
- Oyun alətləri proqramçısı
- Portlama proqramçısı
- Texnologiya proqramçısı
- Generalist
- Lider proqramçı
Proqramlaşdırma dilləri və alətlər
Oyun sənayesində istifadə olunan proqramlaşdırma dilləri və alətlər aşağıdakılarıdır:
- C
- C++
- C#
- Ruby
- Lua
- Python
- Java
- Objective-C
- Swift
- Visual Basic
- ActionScript
- JavaScript
- Nuke
- Unreal Engine
- OpenGL
- Maya
- 3D Studio Max
- Adobe Photoshop, Illustrator, After Effects
- Unity
- Blender
- GIMP
Son olaraq qeyd etmək lazımdır ki, oyun proqramlaşdırması daim inkişaf edən sahədir. Və burada rəqabət də olduqca güclüdür. Tələb olunan oyun proqramçısı olmaq üçün texnoloji yenilikləri izləməli, bilik və bacarıqlarınızı sistemli olaraq yeniləməlisiniz.