Balaca Sabir dərslərini oxuduqdan sonra bağda babasına kömək etməyi çox sevirdi. Sabir anadan olanda babası ona öz adını qoymuşdu. Sabir baba hər zaman deyərdi ki, “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar…“.
Baba nəvəsini kiçik olduğuna görə çox da yormazdı. Balaca Sabir dünyaya gələndə babası onun adına bir ağac əkmişdi. Nəvə böyüdükcə ağac da böyüyürdü. Odur ki, balaca Sabirin işi bağdaki həmin ağaca baxmaqdan ibarət idi.
Balaca Sabir bilirdi ki, ağaclar nə qədər ki, kiçikdirlər, onları çox yaxşı suvarmaq lazımdır. Amma nə qədər suvarmaq lazım olduğunu bilmirdi. Ona görə də babasından soruşmaq qərarına gəldi. Babası ona izah etdi ki, suvarma suyunun miqdarı ağacdakı yarpaqların cəmi miqdarı ilə düz mütənasibdir. Ağacların yaxşı böyüməsi üçün hər ağaca onun hər yarpağına bir litr olmaqla su vermək kifayətdir.
Xoşbəxtlikdən Sabirin ağacındakı yarpaqlar yaruslarla böyüyür, başqa sözlə, ən yuxarıdakı birinci yarusda iki yarpaq, ikincidə dörd yarpaq, sonrakında altı yarpaq və s., hər sonrakı yarusda əvvəlkindən iki yarpaq çox olmaqla yerləşir. Ən yuxarıda isə əlavə bir yarpaq böyüyür. Sizdən tələb olunan Sabirin ağacı üçün onu suvarmağa lazım olan suyun miqdarını hesablayan proqram yazmaqdır.
Giriş verilənləri
Tək sətirdə ağacda yarusların miqdarı olan n (0 ≤ n ≤ 1000) ədədi verilir.
Çıxış verilənləri
Tək sətirdə ağacı suvarmaq üçün neçə litr suyun tələb olunduğunu vermək lazımdır.
Nümunə
Giriş verilənləri | Çıxış verilənləri |
3 | 13 |
Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həll ilə tanış olun.