Məntiq operatorları

   Yuxarıda qeyd etmişdik ki, nəticəsi doğru (True) və ya yalan (False) olan ifadələr məntiqi ifadələrdir. Biz sadə məntiqi ifadələrdən xüsusi məntiqi birləşdiricilərin köməyilə daha mürəkkəb məntiqi ifadələr əldə edə bilərik. Bu məntiqi birləşdiricilərə məntiq operatorları deyilir. 

   Python proqramlaşdırma dilində məntiq operatorları kimi and (və), or (və ya) və not (deyil) operatorlarındn istifadə olunur. 

   Sadə məntiqi ifadələrin məntiq tipində nəticəsi (qiyməti) olduğu kimi, mürəkkəb məntiqi ifadələrin də məntiqi nəticəsi (qiyməti) vardır. Mürəkkəb məntiqi ifadələrin nəticəsi onu təşkil edən sadə məntiqi ifadələrin nəticələrindən (qiymətlərindən) və bu ifadələri birləşdirən məntiqi birləşdiricilərin növündən, yəni istifadə olunan məntiq operatorundan asılıdır. 

  Gəlin bu dediklərimizi aşağıdakı cədvəllərdə göstərək:

ifadə1 ifadə2 ifadə1  and  ifadə2  ifadə1  or  ifadə2
 False  False  False  False
 False  True  False  True
 True  False  False  True
 True  True  True  True
ifadə not  ifadə
 False  True
 True  False

   Riyaziyyatda bu cədvəllərə doğruluq cədvəlləri deyilir. Birinci cədvəldən də gördüyünüz kimi ifadə1 and ifadə2 mürəkkəb məntiqi ifadəsinin qiyməti yalnız o halda True (doğru) olur ki, onu təşkil edən ifadə1ifadə2 eyni zamanda True qiymətini almış olsun, qalan digər hallarda  isə mürəkkəb məntiqi ifadənin qiyməti False (yalan) olur. 

   Yenə birinci cədvəldən aydın olur ki, ifadə1 or ifadə2 mürəkkəb məntiqi ifadəsinin qiyməti o halda True (doğru) olur ki, onu təşkil edən ifadə1 ifadə2 ifadələrindən heç olmazsa biri True qiymətini almış olsun, qalan yeganə halda (hər ikisi False olduqda)  isə mürəkkəb məntiqi ifadənin qiyməti False (yalan) olur.

   İkinci cədvəldə göstərilən not (məntiqi inkar, deyil) operatoru verilmiş məntiqi ifadənin inkarını əldə etməyə imkan verir. Əgər ifade qiymət olaraq True almışsa, o zaman not ifade bizə False qiymətini verəcək. Eyni qayda ilə əgər ifade qiymət olaraq False almışsa, bu zaman da not ifade bizə True qiymətini verəcək. Burad diqqət yetirsəniz görərsiniz ki, not operatoru yalnız bir ifadə ilə işləyir. Belə operatorlara unar operator deyilir. 

   İndi isə məntiq operatorlarını misallar üzərində nəzərdən keçirək:

>>> a=5
>>> b=10
>>> c=2.5
>>> p="Bakı"
>>> a>3 and b<=15 True >>> p=="Bakı" or p=="bakı"
True
>>> not c==2.5
False
>>>

   Yuxarıdakı misallara bənzər sadə məntiqi ifadələrdən müxtəlif kombinasiyalı mürəkkəb məntiqi ifadələr qurun və proqramını yazaraq sınaqdan keçirin. Alınan nəticələri doğruluq cədvəlləri ilə yoxlayın.