Mənimsətmə operatoru

Əvvəlki dərslərimizdə biz mənimsətmə operatorundan (=) istifadə etmişdik. Mənimsətmə operatoruna bəzən mənsubetmə operatoru da deyilir. Bu dərsimizdə mənimsətmə operatoru haqda daha çox şey öyrənəcəyik.

Gəlin aşağıdakı misalları nəzərdən keçirək:

>>> s1 = "Azərbaycan"
>>> s2 = "Bakı"
>>> n1 = 86.6
>>> n2 = 9600000
>>> print(s1)
Azərbaycan
>>> print(s2)
Bakı
>>> print(n1)
86.6
>>> print(n2)
9600000
>>>

   Biz burada dörd dəyişəndən (s1, s2, n1, n2) istifadə etdik. Burada mənimsətmə operatoru olan bərabər (=) simvolunun solunda və sağında operandlar yer alır. İndiki halda soldakı operandlar dəyişənlər, sağdakılar isə qiymətlər rolunda çıxış edir. Məsələn s1= “Azərbaycan” ifadəsində s1 operandı dəyişəndir, “Azərbaycan” operandı isə bu dəyişənə mənimsədilən qiymətdir.

   Misallardan gördüyünüz kimi, s1 s2 dəyişənlərinə mənimsədilən qiymətlər (“Azərbaycan” “Bakı”) dırnaq arasında yazılır, çünki bu məlumatlar sətir tipindədir. Digər iki dəyişənə (n1n2) mənimsədilən qiymətlər (86.69600000) isə ədəd tipində olduqları üçün dırnaq işarələrindən istifadə edilmir. Burada 9600000 qiyməti tam ədəd, 86.6 qiyməti isə həqiqi ədəd tipindədir.

  Qeyd etmək lazımdır ki, əksər proqramlaşdırma dillərində olduğu kimi Python dilində də həqiqi ədədlərdə tam və kəsr hissəni ayıran ayırıcı işarə nöqtə (.) simvoludur.

Keçək növbəti misallara:

>>> a = 10
>>> b = a
>>> print(b)
10
a = "salam"
>>> print(a)
salam
>>> 

  Burada iki dəyişəndən (a b) istifadə edilir. Əvvəlcə biz a dəyişəninə 10 qiymətini mənimsədirik, sonra isə b dəyişəninə a dəyişəninin özünü mənimsədirik. Gördüyünüz kimi bir dəyişənə başqa bir dəyişəni mənimsətmək mümkündür. Bundan sonra b dəyişəninin qiymətini print əmri ilə ekrana çapa veririk. Nəticədən də gördüyünüz kimi bu zaman ekrana a dəyişəninə daha öncədən mənimsədilmiş olan 10 qiyməti çıxır.

Daha sonra biz a dəyişəninə yeni bir qiymət (“salam”) mənimədib ekrana çapa veririk. Gördüyünüz kimi ekrana a dəyişəninin yeni qiyməti çıxır. Və diqqət edin, a dəyişəninə fərqli tipdə olan yeni qiymət mənimsədildiyinə görə a dəyişəni də öz tipini dəyişir. İndiki halda əvvəlcə a dəyişəninin tipi tam ədəd (int), sonra isə sətir (str) tipi olur. Biz irəlidə tipləri daha ətraflı şəkildə nəzərdən keçirəcəyik.

Gəlin Başlayaq

Ənənəvi proqramlaşdırma kitablarında işə başlamaq üçün gərək 20-30 səhifə oxuyasan sonra başlayasan. Mən isə nə özümü nə də Sizi yoracam, elə bir başa keçəcəyik əsas mətləbə. Biz o an nə lazımdırsa, ancaq onu öyrənəcəyik, əlavə məlumatlarla mövzudan yayınmayacağıq. Bu metodika Python dilini həm asan, həm də sürətli öyrənməyinizə imkan verəcək.

İşə başlamaq üçün əvvəlcə Python dilinin interpretatorunu yükləyib kompüterimizə instalyasiya etməliyik. Bunun üçün Python layihəsinin rəsmi http://python.org saytından öz əməliyyat sistemimizə uyğun olan versiyanı yükləməliyik. Qeyd edim ki, Python dilinin interpretatoru müxtəlif əməliyyat sistemləri (Windows, UNIX/Linux, Mac OS X və s.) üçün mövcuddur. Azərbaycan kompüter istifadəçilərinin əksəriyyəti öz kompüterlərində Windows əməliyyat sistemindən istifadə etdikləri üçün bizi də ən çox Windows platforması maraqlandıracaq.

Saytın Downloads bölməsindən Windows platformasını seçdikdən sonra qarşımıza aşağıdakı səhifə çıxacaq:

Hazırda Python dili iki istiqamət üzrə (Python 2.x və Python 3.x) inkişaf etdirilir. Aralarındakı fərqlərə dair qısa olaraq onu demək olar ki, Python 3.x realizasiyası daha sadə sintaksisə malikdir və bir sıra yeniliklərlə zəngindir. Odur ki, Sizə də bu istiqaməti məsləhət görürəm. Yuxarıdakı şəkildən də gördüyünüz kimi bu sətirlər yazılan zaman hər iki istiqamət üzrə son versiyalar Python 2.7.18 və Python 3.9.5 idi. Ola bilsin ki, Siz bu sətirləri oxuyan zaman daha yeni versiyalar yayılmış olsun. İstənilən halda Python 3.x üzrə son versiyanı yükləməyiniz məsləhət görülür. Bu kitabda da biz Python 3.x versiyası ilə işləyəcəyik.

Bloqa Xoş Gəlmisiniz

   Müəllifi Kərim Tahiroğlu olan bu kitab Python proqramlaşdırma dili ilə bağlı Azərbaycan dilində nəşr edilmiş ilk ədəbiyyatdır.

Book_09

   Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır. Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.

   Sizə təqdim edilən bu kitab ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.

   Bu bloqda isə Sizləri bir-birindən maraqlı məlumtlar, proqramlar və əlbəttə ki, dərslər gözləyir. Kitab və bloqla bağlı öz düşüncələrinizi, təklif və rəylərinizi müəlliflə bölüşə bilərsiniz. Sizə uğurlar 🙂


Aprel 2021 üçün TIOBE İndeksi