Django Nədir

   Django (/ˈdʒæŋɡoʊ/) — Python dilində veb-tətbiqlər hazırlamaq üçün nəzərdə tutulan pulsuz və açıq freymvorkdur (framework). Bəs freymvork nədir? Yenə sadə dildə desək, freymvork — layihələri asan və sürətli işləmək üçün lazım olan hazır komponentlər dəstidir. 

django-logo

   Hər dəfə yeni bir veb-layihə hazırlayanda bizə oxşar komponentlər lazım olur. Məsələn istifadəçi autentifikasiyası vasitəsi (giriş, çıxış və qeydiyyat), saytın idarəetmə paneli, formalar, faylların yüklənməsi üçün alətlər və s. Əlbəttə ki, bu kimi komponentləri hər dəfə oturub yenidən düzəltmək əziyyət və vaxt itkisidir. Bizi bu əziyyətdən xilas etmək və vaxtımıza qənaət etdirmək üçün yaxşı insanlar freymvorklar (Django, Ruby on Rails, Flask və s.) hazırlayıblar. Hər bir freymvork eynitipli problemlərin həlli üçün hazır şablonlar təklif edir. Əgər freymvorklar olmasaydı, layihələrin hazırlanma prosesi bu qədər asan olmayacaqdı, və biz hər səfərində təkəri yenidən ixtira etməli olacaqdıq. Python’un yüksəksəviyyəli veb-infrastrukturu olan Django freymvorku da bizə keyfiyyətli və təhlükəsiz veb-saytları qısa zamanda hazırlamağa imkan verir.

Hər şey necə başladı

  Django_Reinhardt2003-2005-ci illərdə kiçik bir komanda qəzet veb-saytlarının hazırlanması və texniki dəstəyi ilə məşğul idi. Bir neçə sayt hazırladıqdan sonra onların əlinin altında çox sayda ümumi kod və layihə şablonları var idi. 2005-ci ilin iyulunda isə dostlar bunu açıq-qaynaqlı (open-source) layihəyə çevirdilər.

   Layihə Django Reinhardt adlı musiqiçinin şərəfinə, Django Framework adlandırıldı.

   Komanda üzvləri aşağıdakılardan ibarət idi:

  • Russell Keith-Magee
  • Adrian Holovaty
  • Simon Willison
  • Jacob Kaplan-Moss
  • Wilson Miner

   O gündən bu günə Django böyüməyə və təkmilləşməyə davam edir. Hər versiyaya yeni-yeni funksional imkanlar əlavə edilir, səhvlər düzəldilir.

Django’nun imkanları

   Django freymvorkunun əsas imkanları aşağıdakılardan ibarətdir:

  • ORM — VB-yə tranzaksiya dəstəkli giriş API-si
  • Müxtəlif dillərə tərcümə edilmiş daxili inzibatçı interfeysi
  • Requlyar ifadələr əsaslı URL dispetçeri
  • Teqlər və varisliklə genişləndiriləbilən şablonlar sistemi
  • Keşləmə sistemi
  • Beynəlmiləlləşmə
  • İstənilən Django saytına quraşdırılabilən tətbiqlərin qoşulabilən arxitekturası 
  • Generic Views — kontrollerlərin funksiyalarının şablonları
  • Avtorizasiya və autentifikasiya, autentifikasiyanın xarici modullarının qoşulması: LDAP, OpenID və b.
  • Əlavə sorğu emaledicilərinin hazırlanması üçün filterlər sistemi (middleware)
  • Formalarla işləmək üçün kitabxana
  • Şablon teqləri və verilənlər modelləri üzrə avtomatik daxili dokumentasiya

Django’nun populyarlığı

   Hazırda Django minlərlə istifadəçisi olan universal freymvorka çevrilmişdir. Django ilə hazırlanan layihələrin sayı da durmadan artmaqdadır. Ən məşhur layihələr kimi Disqus, Instagram, Knight Foundation, MacArthur Foundation, Mozilla, National Geographic, Open Knowledge Foundation, Pinterest və Open Stack göstərilə bilər.

Python ilə yazılmış 10 ən məşhur sayt

  Python proqramlaşdırma dilinin universal bir dil olması onu gündən günə daha da populyar edir. Xüsusilə də veb layihələrin hazırlanmasında Python dili əvəzsiz rola malikdir. Bu məqaləmizdə Python ilə yazılmış 10 ən məşhur saytdan bəhs edəcəyik.

Top10PythonApp

Google
Bu gün dünyanın 1 nömrəli axtarış motoru olan Google‘u tanımayan yoxdur. Amma çox adam bilir ki, Google’un gücünə güc qatan məhz Python’dur. Həm axtarış motoru, həm də onun əlavə tətbiqləri Python dilinin hesabına ərsəyə gəlmişdir.

YouTube
Alexa reytinqinə görə dünyada ikinci ən məşhur sayt YouTube‘dur. Necə məşhur olmasın ki, Python ilə yazılan bu video paylaşım saytına hər dəqiqə 400 saatlıq video yüklənir, gün ərzində izlənən videoların müddəti isə artıq bir milyard saatı keçib. Yenə  Python, yenə uğur!

Quora
Bilgi toplamağın ən asan yolu sual verməkdir. Sual verməyin ən uyğun yeri də Quora‘dır. Bu Quora elə bir məkandır ki, insanlar burada suallarını verir, başqaları onları cavablandırır və Quora’nın üzvləri də bütün bunları düzənləyir. Python ilə yazılan bu saytın bu gün 100 milyondan çox istifadəçisi vardır.

DropBox
Xatırlayırsızsa, vaxt var idi, hansısa qeyd və məlumatları bloknota yazar, cibimizə qoyardıq. Kompüterlər həyatımıza daxil olandan sonra bu bloknotları əvvəlcə CD/DVD-lər, sonra da fleş disklər əvəz etdilər. Günümüzdə isə sonunculardan da imtina edib bulud yaddaşlardan istifadə etməyə başladıq. Bulud texnologiyasına əsaslanan DropBox xidməti fayllarımızı yadda saxlamağa, onları digər insanlarla paylaşmağa və dünyanın istənilən yerindən və istənilən cihazdan bu məlumatlara giriş əldə etməyə imkan verir. DropBox da Python ilə yazıldığına görə qürur duyur!

Yahoo!
Google’un ən böyük rəqibi Yahoo! da özünün əsas proqram təminatlarını Python dilində işləyib hazırlamışdır. Xüsusilə də pulsuz kartoqrafiya xidməti olan Yahoo! Maps xəritələri var olmalarını Python dilinə borcludur. Yahoo Maps lokasiyaları tapmaq, istiqamətləri təyin etmək, məkanlar haqda məlumat vermək və s. kimi funksional imkanlara malikdir.

Reddit
Sualınız var, nəyisə müzakirə etmək, ya da maraqlı bir xəbəri paylaşmaq istəyirsiniz? O zaman Reddit tam Sizə görədir. Reddit’i qısa şəkildə sosial xəbər saytı da adlandırmaq olar. İnternet dünyasının ən geniş açıq icmalarından biri sayılan Reddit də Python ilə yazılıb.

Instagram
Şəkil və videoları paylaşmaq heç bu qədər əyləncəli olmamışdır. Yəgin ki, söhbətin Instagram‘dan getdiyini anladınız. Şəkli çək, xüsusi effektlər ver və paylaş. Dostların da gəlsin, bəyənsin və rəy yazsın. 2010-cu ildən şəkil və video paylaşım sosial şəbəkəsi kimi fəaliyyət göstərən Instagram da Python ilə ərsəyə gətirilmişdir.

Spotify
Musiqi striminqi (audio-axını) olan Spotify xidmətindən bu gün dünyanın 80-ə yaxın ölkəsində istifadə edirlər. Spotify bəyəndiyiniz musiqi parçalarını kompüter və ya mobil qurğunuza endirmədən dinləməyə imkan verən platformadır. Belə bir xidmətin meydana gəlməsi Python dilinin hesabına mümkün olmuşdur.

Survey Monkey
Onlayn sorğu deyəndə ilk ağla gələn Survey Monkey portalıdır. Survey Monkey ilə istədiyiniz anketləri hazırlayıb geniş kütlələlərə çatdıra bilərsiniz. Hazırda bu portalın 25 milyon istifadəçisi vardır. Survey Monkey bu istifadəçilərə gün ərzində 20 milyon suala cavab tapmaqda kömək edir. Bu uğurlu layihə də Python dili ilə hazırlanmışdır.

Hipmunk
Əgər Siz səyahət etməyi sevirsinizsə, yəgin ki, Booking, Expedia, Kayak kimi saytların xidmətindən çox istifadə etmisiniz. Bu kimi saytlar bizə ucuz bilet və hotel tapmaqda çox kömək edir. Səyahətimizi planlayarkən adətən bir neçə belə sayta müraciət etməli oluruq, sonra da ən münasib variantın üzərində dayanırıq. Hipmunk isə bizi bu əziyyətdən xilas edir. Hipmunk bilet, hotel, avto-kirayə təqdim edən nə qədər sayt varsa, hamısını ələk-vələk edirək bizə ən ucuz qiymətləri tapıb təqdim edir. Vaxtımıza və pulumuza qənaət etdirən Hipmunk da Python ilə yazılmışdır.

Python Dilinin Fəlsəfəsi

   Python proqramçıları müəyyən proqramlaşdırma fəlsəfəsinə sadiq qalırlar. Müəllifi Tim Peters olan bu fəlsəfə Python Zeni (The Zen of Python) adlanır. 

slide_16

   Gəlin 19 maddədən ibarət olan bu fəlsəfəylə tanış olaq:

  • Gözəl olan çirkin olandan daha yaxşıdır.
  • Aşkar olan aşkar olmayandan daha yaxşıdır.
  • Sadə olan mürəkkəb olandan daha yaxşıdır.
  • Mürəkkəb olan qarışıq olandan daha yaxşıdır.
  • Düz olan iç-içə olandan daha yaxşıdır.
  • Seyrək olan sıx olandan daha yaxşıdır.
  • Oxunaqlıq önəmlidir.
  • İstisnalar qaydaları pozmur.
  • Buna baxmayaraq praktiklik saflığı üstələyir.
  • Xətaların üzərindən heç vaxt səssiz keçilməməlidir.
  • Əgər aşkar şəkildə səssiz deyillərsə.
  • Qeyri-müəyyənliklə qarşılaşanda təxmin etməkdən çəkinin.
  • Bunu etməyin bir, və yaxşı olardı ki, yalnız bir aşkar yolu olsun.
  • Baxmayaraq ki, ilk baxışdan bu yol aşkar deyildir, əgər Siz holland deyilsinizsə.
  • İndi daha yaxşıdır, nəinki heç vaxt.
  • Buna baxmayaraq əksər hallarda heç vaxt indinin özündən daha yaxşıdır.
  • Əgər realizasiyanı izah etmək çətindirsə, deməli ideya pisdir.
  • Əgər realizasiyanı izah etmək asandırsa, ola bilsin ki, ideya yaxşıdır.
  • Adlar məkanı çox yaxşı şeydir. Gəlin onlardan daha çox düzəldək!

   Python Zenini ekrana çıxarmaq üçün interaktiv rejimdə import this yazıb enter düyməsinə basın.

Nəyə Görə Python

Qorxmayın, bu ilan Sizi sancmayacaq!

Python – oxuyub anlaya biləcəyiniz ən güclü dildir.

Paul Dubois

p1909qn0ts156g17v9nu619vs1r4g7-768x543

  Wikipedia-dan əldə olunan məlumata görə keçmişdən bu yana 698 müxtəlif proqramlaşdırma dili mövcuddur. Bu proqramlaşdırma dillərindən təxminən 100-ü həyatdadır və yaşayır. Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə isə hazırda dünya üzrə populyar olan 20 proqramlaşdırma dili mövcuddur. Haqqında bəhs edəcəyimiz bunlardan biri olan və ilk onluqda yer alan Python dilidir.

  Python dili (əsasən “payton”, bəzən isə “piton” kimi tələffüz olunur) 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Bu dilin o qədər müsbət cəhətləri var ki, say-say bitməz. Əvvəla Python dili universaldır, bu dildə müxtəlif təyinatlı proqramlar yazıla bilər. Və bu dildə yazılan proqramlar istənilən əməliyyat sistemində çox rahatlıqla çalışa bilir. Bundan başqa Python dili proqramlaşdırmanın müasir tələblərinə tam cavab verir, onun struktur, obyektyönümlü, funksional və imperativ olması əsas üstünlüklərindəndir. Python dilinin ən üstün cəhətlərindən biri də bu dili öyrənməyin çox asan olmasıdır. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.

  Bu gün dünyada Python dili gündən günə populyarlaşır və inkişaf edir. Hazırda pulsuz yayılan Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Orta məktəblərdə bu dilin tədrisi xüsusi əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, proqramlaşdırmanın əsaslarını məktəbli uşaqlara öyrətmək üçün Python dili qədər əlverişlisi yoxdur. Bu dilin sintaksisi o qədər sadədir ki, onu ilk dərslərdən çox rahat şəkildə öyrənmək və tətbiq etmək olur.

  Yeri gəlmişkən onu da qeyd edim ki, 2015-ci ildən etibarən Azərbaycanın orta məktəblərində də proqramlaşdırma dili kimi Python dili tədris olunur. Artıq 7-ci və 8-ci siniflərin İnformatika dərsliklərinə Python dilinin təlimi daxil edilmişdir. İndi bu cümlələri oxuyan informatika müəllimləri deyəcəklər ki, hər dəfə yeni bir dil, biz hələ Turbo Pascalı yeni yeni öyrənməyə başlamışdıq, indi də Python… Amma narahat olmağına dəyməz. Əmin ola bilərsiniz ki, Python dili ilə tanış olduqdan sonra onun Pascaldan daha asan olduğunu görəcəksiniz. Öyrənməyi də öz yerində. Əsas odur ki, özünüzü ruhdan salmayasınız. Sizə uğurlar!