Django Nədir

   Django (/ˈdʒæŋɡoʊ/) — Python dilində veb-tətbiqlər hazırlamaq üçün nəzərdə tutulan pulsuz və açıq freymvorkdur (framework). Bəs freymvork nədir? Yenə sadə dildə desək, freymvork — layihələri asan və sürətli işləmək üçün lazım olan hazır komponentlər dəstidir. 

django-logo

   Hər dəfə yeni bir veb-layihə hazırlayanda bizə oxşar komponentlər lazım olur. Məsələn istifadəçi autentifikasiyası vasitəsi (giriş, çıxış və qeydiyyat), saytın idarəetmə paneli, formalar, faylların yüklənməsi üçün alətlər və s. Əlbəttə ki, bu kimi komponentləri hər dəfə oturub yenidən düzəltmək əziyyət və vaxt itkisidir. Bizi bu əziyyətdən xilas etmək və vaxtımıza qənaət etdirmək üçün yaxşı insanlar freymvorklar (Django, Ruby on Rails, Flask və s.) hazırlayıblar. Hər bir freymvork eynitipli problemlərin həlli üçün hazır şablonlar təklif edir. Əgər freymvorklar olmasaydı, layihələrin hazırlanma prosesi bu qədər asan olmayacaqdı, və biz hər səfərində təkəri yenidən ixtira etməli olacaqdıq. Python’un yüksəksəviyyəli veb-infrastrukturu olan Django freymvorku da bizə keyfiyyətli və təhlükəsiz veb-saytları qısa zamanda hazırlamağa imkan verir.

Hər şey necə başladı

  Django_Reinhardt2003-2005-ci illərdə kiçik bir komanda qəzet veb-saytlarının hazırlanması və texniki dəstəyi ilə məşğul idi. Bir neçə sayt hazırladıqdan sonra onların əlinin altında çox sayda ümumi kod və layihə şablonları var idi. 2005-ci ilin iyulunda isə dostlar bunu açıq-qaynaqlı (open-source) layihəyə çevirdilər.

   Layihə Django Reinhardt adlı musiqiçinin şərəfinə, Django Framework adlandırıldı.

   Komanda üzvləri aşağıdakılardan ibarət idi:

  • Russell Keith-Magee
  • Adrian Holovaty
  • Simon Willison
  • Jacob Kaplan-Moss
  • Wilson Miner

   O gündən bu günə Django böyüməyə və təkmilləşməyə davam edir. Hər versiyaya yeni-yeni funksional imkanlar əlavə edilir, səhvlər düzəldilir.

Django’nun imkanları

   Django freymvorkunun əsas imkanları aşağıdakılardan ibarətdir:

  • ORM — VB-yə tranzaksiya dəstəkli giriş API-si
  • Müxtəlif dillərə tərcümə edilmiş daxili inzibatçı interfeysi
  • Requlyar ifadələr əsaslı URL dispetçeri
  • Teqlər və varisliklə genişləndiriləbilən şablonlar sistemi
  • Keşləmə sistemi
  • Beynəlmiləlləşmə
  • İstənilən Django saytına quraşdırılabilən tətbiqlərin qoşulabilən arxitekturası 
  • Generic Views — kontrollerlərin funksiyalarının şablonları
  • Avtorizasiya və autentifikasiya, autentifikasiyanın xarici modullarının qoşulması: LDAP, OpenID və b.
  • Əlavə sorğu emaledicilərinin hazırlanması üçün filterlər sistemi (middleware)
  • Formalarla işləmək üçün kitabxana
  • Şablon teqləri və verilənlər modelləri üzrə avtomatik daxili dokumentasiya

Django’nun populyarlığı

   Hazırda Django minlərlə istifadəçisi olan universal freymvorka çevrilmişdir. Django ilə hazırlanan layihələrin sayı da durmadan artmaqdadır. Ən məşhur layihələr kimi Disqus, Instagram, Knight Foundation, MacArthur Foundation, Mozilla, National Geographic, Open Knowledge Foundation, Pinterest və Open Stack göstərilə bilər.