input() funksiyası

   Gəlin aşağıdakı proqramı bir daha nəzərdən keçirək:

>>> sinifkom = "Arzu" 
>>> cins = "qız" 
>>> print("Sinif nümayəndəsi "+sinifkom+" "+cins+"dır.") 
Sinif nümayəndəsi Arzu qızdır. 
>>>

   Biz sinifkom və onun cinsini proqram mətnində özümüz qeyd edirdik. Amma bir çox halda tələb olunur ki, verilənləri istifadəçi özü klaviaturdan daxil etsin. Yəni biz elə bir proqram yazmalıyıq ki, bu proqram bütün siniflərə aid olsun, və hər sinfin sinifkomu kimdir və cinsi nədirsə, hər kəs özü bunu klaviaturdan daxil edə bilsin. Bunun üçün biz input() funksiyasından istifadə etməliyik.

   input() funksiyası çağırıldığı zaman proqram istifadəçinin klaviaturdan məlumatı daxil etməsini gözləyir. İstifadəçi məlumatı daxil edib enter düyməsinə vurduqdan sonra funksiya bu məlumatı  sətir tipində özündə saxlayır. Nəzərinizə çatdırım ki, input() funksiyası istəyə görə parametrli və parametrsiz istifadə oluna bilər. Bu funksiya parametrsiz istifadə edildiyi zaman mötərizənin içi boş buraxılmalıdır. Əgər istifadəçiyə daxil etdiyi məlumatla bağlı göstəriş vermək istəyirsinizsə, input() funksiyasını parametrlə istifadə etməlisiniz, məsələn:

input("Sinifkomun adını daxil edin: ")

   Burada qeyd etmək lazımdır ki, input() funksiyasının parametri sətir tipində olub dırnaq arasında yazılmalıdır. Parametr kimi yazılan informasiya olduğu kimi ekrana çıxacaq.

   Gəlin bütün bu deyilənlərdən sonra sinifkom proqramını bir az da təkmilləşdirək:

>>> sinifkom = input("Sinifkomun adını daxil edin: ") 
Sinifkomun adını daxil edin: Arzu 
>>> cins = input("Sinifkomun cinsini daxil edin: ") 
Sinifkomun cinsini daxil edin: qız 
>>> print("Sinif nümayəndəsi "+sinifkom+" "+cins+"dır.") 
Sinif nümayəndəsi Arzu qızdır. 
>>>

   Nə baş verdi? Əvvəlcə biz istifadəçiyə göstəriş verdik ki, o sinifkomun adını daxil etsin. İstifadəçi Arzu yazıb enter düyməsinə vurduqda sinifkom dəyişəni Arzu qiymətini özündə saxladı. Eyni qayda ilə biz istifadəçidən sinifkomun cinsini daxil etməsini istədik. İstifadəçi qız yazıb enter düyməsinə vurduqda bu dəfə cins dəyişəni qız qiymətini yadında saxladı. Və nəhayət ən sonda print əmri vasitəsilə sinif nümayəndəsinin Arzu, cinsinin də qız olduğu haqda məlumatı ekrana çıxardıq. Bu qədər sadə. 

   İstəsəniz bu proqramı aşağıdakı kimi daha da inkişaf etdirə bilərsiniz:

>>> sinif = input("Sinfinizi daxil edin: ") 
Sinfinizi daxil edin: 8A 
>>> say = input("Şagird sayını daxil edin: ") 
Şagird sayını daxil edin: 24 
>>> sinifkom = input("Sinifkomun adını daxil edin: ") 
Sinifkomun adını daxil edin: Arzu 
>>> cins = input("Sinifkomun cinsini daxil edin: ") 
Sinifkomun cinsini daxil edin: qız 
>>> print("Sinifdə "+say+" şagird var.") 
Sinifdə 24 şagird var. 
>>> print("Sinif nümayəndəsi "+sinifkom+" "+cins+"dır.") 
Sinif nümayəndəsi Arzu qızdır. 
>>>

   Bu proqram vasitəsilə hər kəs öz sinfi haqqında məlumatları daxil edib ekrana çıxara bilər.