Sadə riyazi əməllər

   Python dilində sadə riyazi əməlləri həyata keçirən hesab operatorları aşağıdakı cədvəldə verilmişdir:

Operator Təyinatı
+ soldakı operandla sağdakı operandı cəmləyir (a+b) 
soldakı operanddan sağdakı operandı çıxır (a-b) 
* soldakı və sağdakı operandı bir-birinə vurur (a*b)
/ soldakı operandı sağdakı operanda bölür (a/b) 
// soldakı operandı sağdakı operanda tam bölür (a//b)
% soldakı operandı sağdakı operanda qalıqlı bölür (a%b)
** soldakı operandı sağdakı operand dəfə qüvvətə yüksəldir (a**b)
abs(a) verilmiş a ədədinin modulunu hesablayır

   İndi isə gəlin bu operatorları nümunələr üzərində nəzərdən keçirək:

>>> a=5
>>> b=2
>>> c=a+b
>>> print("Cəm=",c)
Cəm=7
>>> c=a-b
>>> print("Fərq=",c)
Fərq=3
>>> c=a*b
>>> print("Hasil=",c)
Hasil=10
>>> c=a/b
>>> print("Qismət=",c)
Qismət=2.5
>>> c=a//b
>>> print("Tam hissə=",c)
Tam hissə=2
>>> c=a%b
>>> print("Qalıq=",c)
Qalıq=1
>>> c=a**b
>>> print("Qüvvət=",c)
Qüvvət=25
>>> a=-5
>>> abs(a)
5
>>>

    Bu proqramda fərqli ədədlərdən istifadə edərək eyni əməlləri bir daha sınaqdan keçirin. 

   Riyazi operatorlardan başqa Python dilinin math modulunda bir sıra riyazi funksiyalar da nəzərdə tutulmuşdur.

Tiplərin müəyyən edilməsi

   Bildiyiniz kimi proqramlarda istifadə edilən qiymət və dəyişənlər hökmən bir tipə aid olmalıdır. Bəzən bu verilənlərin hansı tipə mənsub olduğunu öyrənmək lazım gəlir. 

  Bunun üçün type() funksiyasından istifadə olunur:

>>> type("Salam Azərbaycan")
<class 'str'> 
>>> paytaxt = "Bakı"
>>> type(paytaxt) 
<class 'str'> 
>>> n = 9600000 
>>> type(n) 
<class 'int'> 
>>> n = 86.6 
>>> type(n) 
<class 'float'> 
>>>

   Gəlin nümunələri incələyək. Əvvəlcə biz “Salam Azərbaycan” qiymətinin tipini soruşduq. Növbəti sətirdə ekrana bu tipin str (sətir) olduğu haqda məlumat çıxdı. Sonra biz paytaxt dəyişəninə “Bakı” qiymətini mənimsətdik və bu dəyişənin tipini soruşduq. Məlum oldu ki, paytaxt dəyişəni də str tipindədir. Daha sonra biz n dəyişəninə 9600000 qiymətini verib onun tipini müəyyən etdik. Ekrana çıxan məlumatdan gördük ki, n dəyişəni int (tam ədəd) tipindədir. Və nəhayət ən sonda biz həmin n dəyişəninə bu dəfə 86.6 qiymətini mənimsətdik və tipini soruşduq. Bu dəfə məlum oldu ki, n dəyişəni öz tipini dəyişərək indi də float (həqiqi ədəd) tipinə mənsub olub. Bu ona görə baş verdi ki, n dəyişəninə ikinci dəfə qiymət olaraq həqiqi ədəd mənimsətmişdik. 

Çox danışan vəzir

   Qədim əyyamlarda Xoşbəxtlər adlı bir ölkə var idi. Ölkənin adı ona görə belə adlandırılmışdı ki, burada yaşayan hər bir kəs içtimai statusundan asılı olmayaraq öz fikir və düşüncələrini rahat şəkildə ifadə edə bilirdi.

Screen Shot 2018-12-31 at 02.36.52

   Bu rahatlıq da insanlara özlərini xoşbəxt hiss etməyə imkan verirdi. Çünki hər söylənən fikir və təklif, eləcə də irad və şikayət dövləti idarə edən məmurlar tərəfindən hər zaman diqqətə alınırdı. Hətta padşahın özü gününün üçdə ikisini vətəndaşları qəbul edib dinləmək üçün ayırırdı. Dövlət də beləcə günü-gündən inkişaf edir və çiçəklənirdi.

   Bu fikir və düşüncə azadlığı saray daxilində də hökmran idi. Padşahın vəzir vəkilləri də dövlətin idarə olunmasında öz təklif və təşəbbüslərini sərbəst şəkildə irəli sürürdülər. Bu məsələdə sarayın baş vəziri xüsusilə seçilirdi. Baş vəzir hər zaman ağıllı təkliflərlə çıxış edərdi. Amma onun bir mənfi cəhəti var idi ki, yaman çox danışardı və öz nitqində bəzən çox qısa, bəzən də çox uzun əndrəbadi sözlərdən istifadə edərdi. Baş vəzirin bu cəhəti təmkinli padşahı qətiyyən narahat etməzdi. Hətta padşaha vəzirinin bu uzun nitqləri əyləncəli gəlməyə başlamışdı. Hər dəfə baş vəzirin çıxışından sonra padşah öz-özünə belə sual verərdi: “Görəsən baş vəzirin bu nitqində söylədiyi ən uzun və ən qısa söz hansıdır?”. Amma vəzir hər dəfə o qədər uzun danışırdı ki, padşah bu sualının cavabını tapa bilmirdi.

   Günlərin bir günü padşah sarayın proqramçısı Famili hüzuruna çağırır və baş vəzirin öz nitqində səsləndirdiyi ən uzun və ən qısa sözləri müəyyən edən proqram tərtib etməsini əmr edir. Hə, bu arada unutmadan qeyd edək ki, vəzirin bütün nitqləri sarayın katibi tərəfindən qələmə alınırdı. Proqramçı ondan tələb olunan proqramı yazır. Onun alqoritminə baxmadan öncə bu proqramı özünüz tərtib etməyə çalışın.

   Giriş verilənlərinə nümunə:

Zülm ilə abad olanın aqibəti bərbad olar

   Çıxış verilənlərinə nümunə:

aqibəti ilə

   Bu da Familin proqramı:

Screen Shot 2018-12-31 at 02.38.21